Məlum olduğu kimi, İstanbulda son 41 ilin yağıntı rekordu qeydə alınıb.
Güclü leysan nəticəsində şəhərin bir sıra ərazilərini su basıb, elektrik və su təchizatında fasilələr yaranıb, iki nəfər həyatını itirib. Bəzi ərazilərdə yağıntının miqdarının hər kvadratmetrə 240 kiloqramı keçdiyi bildirilir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində də intensiv yağıntılar genişmiqyaslı daşqınlara, yaşayış məntəqələrinin dağılmasına və insan tələfatına səbəb olub.
AZXEBER.COM həmin hadisələri araşdırıb.
Liviya – Bir gecədə şəhərin böyük hissəsi dağıldı
2023-cü il sentyabrın 10-dan 11-nə keçən gecə Liviyanın şərqində güclü "Daniel” fırtınası nəticəsində dağıdıcı daşqınlar baş verib. Fırtınanın təsiri ilə ölkənin şimal-şərqində yerləşən Əl-Beyda şəhərində 24 saat ərzində 414,1 millimetr yağıntı qeydə alınıb. Güclü yağışlar Derna şəhərinin yuxarı hissəsində yerləşən iki bəndin dağılmasına səbəb olub.
Bəndlərdən gələn böyük həcmdə su şəhərə doğru hərəkət edərək yaşayış binalarını, yolları və bütöv məhəllələri dağıdıb. Daşqın suları bəzi ərazilərdəki tikililəri Aralıq dənizinə qədər aparıb.
Pakistan – Ölkənin üçdə biri su altında qaldı
2022-ci ilin yayında Pakistanda güclü musson yağışları ölkə tarixinin ən dağıdıcı daşqınlarından birinə səbəb olub.
İyundan başlayaraq aylarla davam edən yağışlar nəticəsində çaylar məcrasından çıxıb, yaşayış məntəqələri və kənd təsərrüfatı sahələri su altında qalıb. Dağlıq ərazilərdə torpaq sürüşmələri, bəzi bölgələrdə isə buzlaq göllərinin daşması vəziyyəti daha da ağırlaşdırıb. Daşqınlar nəticəsində milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb, yollar, körpülər və digər infrastruktur obyektləri zərər görüb.
Almaniya və Belçika – İki günlük yağış yüzlərlə insanın ölümünə səbəb oldu
2021-ci ilin iyulunda Qərbi Avropada, xüsusilə Almaniya və Belçikada güclü yağışlar nəticəsində dağıdıcı daşqınlar baş verib. İyulun 14-15-də bəzi ərazilərə 24 saat ərzində 100-150 millimetr yağıntı düşüb. Torpağın əvvəlcədən həddindən artıq nəmlənməsi və çayların səviyyəsinin sürətlə yüksəlməsi vəziyyəti ağırlaşdırıb.
Daşqınlar yaşayış evlərini, yolları və körpüləri dağıdıb. Bəzi ərazilərdə avtomobillər su altında qalıb, insanlar evlərində köməksiz vəziyyətdə qalıblar. Daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirib. Hadisə Almaniyada son onilliklərin ən ağır təbii fəlakətlərindən biri kimi qiymətləndirilib.
Çin – Bir saata 201,9 millimetr yağış yağdı
2021-ci ilin iyulunda Çinin Henan əyalətində, xüsusilə Çjençjou şəhərində rekord həddə çatan yağıntılar qeydə alınıb.
Güclü leysan küçələri və tunelləri su altında qoyub, nəqliyyatda ciddi problemlər yaradıb. Yeraltı nəqliyyat sisteminə su dolması nəticəsində sərnişinlər təhlükə ilə üzləşiblər.
Hadisə ilə əlaqədar 302-dən çox ölüm faktı qeydə alınıb. Daşqınların iqtisadi zərəri isə təxminən 17,7 milyard dollar qiymətləndirilib.
Yaponiya – Rekord yağışlar genişmiqyaslı fəlakət yaratdı
2018-ci ilin iyununun sonundan iyulun əvvəlinədək Yaponiyada, xüsusilə ölkənin qərb hissəsində rekord səviyyədə yağıntılar qeydə alınıb.
Yağış cəbhəsi və tayfunun təsiri ilə davam edən yağıntılar çayların daşmasına, torpaq sürüşmələrinə və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub. Bir sıra ərazilərdə insanlar evlərində və su basmış məkanlarda köməksiz vəziyyətdə qalıblar.
Fəlakət nəticəsində 224 nəfərin öldüyü, 8 nəfərin isə itkin düşdüyü bildirilir. Bundan başqa, minlərlə yaşayış evi dağılıb və ya zərər görüb. Hadisə ölkənin son onilliklərdə üzləşdiyi ən ağır yağış fəlakətlərindən biri olub.
İspaniya – Bir neçə saata illik yağıntıya yaxın su düşdü
2024-cü il oktyabrın 29-da İspaniyanın Valensiya bölgəsində güclü leysan və daşqınlar baş verib.
Xüsusilə Valensiya ətrafındakı yaşayış məntəqələrində yağıntının intensivliyi son dərəcə yüksək olub. Daşqınlar yolları, körpüləri və avtomobilləri su altında qoyub. Güclü su axınları yaşayış məntəqələrinə daxil olub, çoxlu sayda evə və təsərrüfata ziyan dəyib.
Fəlakət nəticəsində 230 nəfərin öldüyü bildirilir. Tədqiqatçılar həmçinin iqlim dəyişikliyinin ekstremal yağıntıların intensivliyinə təsirini araşdırıblar.
Çin – Pekində 140 illik müşahidələr üzrə rekord yağıntı
2023-cü ilin iyul ayının sonu və avqustun əvvəlində Çinin paytaxtı Pekin "Doksuri” tayfununun təsiri ilə güclü yağışlara məruz qalıb. Pekin şəhər hökumətinin məlumatına görə, iyulun 29-dan avqustun 2-dək davam edən fəlakət zamanı bəzi meteoroloji məntəqələrdə yağıntının miqdarı 700 millimetri keçib.
Daşqınlar nəticəsində evlərə, yollara və su təchizatı sistemlərinə ciddi ziyan dəyib. Şəhər üzrə təxminən 1,29 milyon insan fəlakətdən zərər çəkib.
Rəsmi məlumatlarda təbii fəlakət nəticəsində 33 mülki şəxsin, xilasetmə əməliyyatları zamanı isə 5 nəfərin həyatını itirdiyi bildirilib.
Fəridə Əsədzadə











































