Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində nə baş verir? - VİDEO

Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində nə baş verir? - VİDEO
SOSİAL
00:15 18.08.2026
205
Yevlax rayon sakini Pərvanə Rüstəmova 19 ildir çalışdığı idarədə maaşının azaldıldığı, bir neçə aydır ki, ümumiyyətlə əməkhaqqı ala bilmədiyini iddia edir.  

Bu iddia ilə "Xəzər Xəbər”ə müraciət edən Pərvanə Rüstəmova deyir ki, 2007-ci ildən Yevlax rayonunda yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində qeydiyyatçı vəzifəsində çalışır. 7-ci dərəcə ilə işə qəbul olub və 8-ci dərəcəyə yüksəlib. 2026-cı ilin mart ayına qədər 852 manat maaş alıb. Aprel ayından isə onun maaşı yarıbayarı azaldılıb.

Pərvanə Rüstəmova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, hələlik nəticəsinin olmadığını deyir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Mərkəzdə aparılan yoxlama zamanı müəyyən edilib ki, Pərvanə Rüstəmovaya Vahid Tarif Cədvəlinə əsasən ödənilməli əməkhaqqı 392,25 manat olduğu halda, əvvəlki dövrdə vəzifəli şəxslər tərəfindən müəyyən edilmiş ödənişlər nəticəsində ona 852 manat əməkhaqqı ödənilib. Həmin ödənişlərin qanunvericiliyin tələblərinə uyğunluğu hazırda aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Yol verilmiş nöqsanlarla bağlı direktor, baş mühasib və kadrlar üzrə mütəxəssis vəzifəsini icra edən şəxslər işdən azad ediliblər.

Nazirlikdən o da bildirildi ki, Pərvanə Rüstəmova iyun-iyul aylarında cəmi 9 gün işə çıxıb və yalnız həmin günlərə görə əməkhaqqı hesablanıb. Digər günlər üzrə isə işə davamiyyəti ilə bağlı rəsmi sənəd təqdim edilməyib. Nazirlik əməkhaqqı və işə davamiyyət məsələsinin Dövlət Əmək Müfəttişliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən araşdırıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR