Ekspertdən valideynlərə xəbərdarlıq: İxtisas seçdirərkən bunu nəzərə alın

Ekspertdən valideynlərə xəbərdarlıq: İxtisas seçdirərkən bunu nəzərə alın
SOSİAL
12:29 12.08.2026
222
Xəbər verdiyimiz kimi, bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə başlanılır. İxtisas seçimi avqustun 12-dən 19-dək davam edəcək.

Abituriyentlər topladıqları bala və seçimlərinə uyğun olaraq gələcək təhsil istiqamətlərini müəyyənləşdirəcəklər. Lakin ixtisas seçimində yalnız abituriyentin deyil, valideynlərin istəyinin də əsas götürülməsi hələ də geniş yayılmış hallardandır.

Bəzi valideynlər övladlarının gələcəkdə daha çox gəlir əldə etməsi və iş imkanlarının geniş olması üçün müəyyən ixtisasları seçmələrini istəyirlər. Ancaq abituriyentin maraq və bacarıqları nəzərə alınmadan valideynlərin seçimi ilə ixtisas müəyyənləşdirilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son illərdə abituriyentlərin valideynlərin seçimlərinə etiraz edərək öz istədikləri ixtisaslara yönəlməsi müşahidə olunur:

"Çox təəssüf ki, bizdə valideynlərin ixtisas seçiminə müdaxiləsi hələ də davam etməkdədir. Ancaq sevindirici hal odur ki, son bir neçə ildə abituriyentlər valideynlərinin qoyduğu şərtlərə etiraz edərək öz istədikləri ixtisasları seçməyə başlayıblar. Bu, bir tərəfdən yaxşı əlamətdir. Pis odur ki, bu gün də övladlarını öz arzularına və istəklərinə uyğun peşə seçməyə məcbur edən valideynlər var”.


Ekspert qeyd edib ki, bəzi valideynlər hələ də ənənəvi yanaşmadan çıxış edərək övladlarının hüquqşünas, iqtisadçı və ya həkim olmasını istəyirlər:
"Məsələn, bunlar daha çox ənənəvi sovet standartından çıxa bilməyən valideynlərdir. Onlar övladlarını ya hüquqşünas, yaxud yaxşı iqtisadçı, yaxşı həkim kimi görmək istəyirlər. Bu da müasir dövrün tələblərinə tam uyğun gəlmir”.

M.Məmmədlinin sözlərinə görə, ixtisas seçimi zamanı əmək bazarının gələcək tələbləri də nəzərə alınmalıdır:

"Bu günün ixtisası ən azından süni intellektin təsir edə bilmədiyi ixtisaslar olmalıdır. Yaxın bir neçə il ərzində bir çox ixtisas və peşələri artıq süni intellekt əvəzləyə biləcək. Ona görə də bu günün abituriyenti gələcək ixtisasını seçərkən mütləq düşünməlidir ki, yaxın 10 il üçün elə bir ixtisas seçsin ki, əmək bazarında sabit fəaliyyət göstərə bilsin”.
Ekspert informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və elektronika kimi istiqamətlərin gələcək üçün daha perspektivli olduğunu vurğulayıb:
"İnformasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, elektronika və yeni texnologiyaların inkişafı ilə bağlı digər ixtisaslar var ki, günün tələbi onları ön plana çıxarır. Bu baxımdan, abituriyentlərin ixtisas seçiminə valideynlərin müdaxiləsini tamamilə yersiz hesab etməzdim, amma onların verdiyi istiqamət hər zaman bugünkü əmək bazarının tələbləri ilə səsləşmir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR