Yeni tədris ilinin başlaması ilə valideynlərin üzərinə düşən məsuliyyət də artır.
Uşaqların məktəbə uyğunlaşması, dərs rejiminin formalaşdırılması və təhsil prosesinin düzgün təşkili bu dövrdə xüsusilə diqqət tələb edir.
Lakin bəzi valideynlər övladlarının məktəbə hazırlığı zamanı müxtəlif səhvlərə yol verirlər. Xüsusilə birinci sinif şagirdlərinin məktəbə aparılması, məktəb ətrafında avtomobillərlə sıxlıq yaradılması və digər məsələlər hər il müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, valideynlərin hər il təkrarladığı əsas səhvlərdən biri uşaqları məktəbə qədər çoxsaylı şəxslərin müşayiət etməsidir:
"Valideynlərin etdiyi səhvlər ənənəvi səhvlərdir və demək olar ki, həmişə gedir. Bu, hər bir şagirdin yanında bir neçə nəfərin, xüsusilə birinci siniflərə aid bir neçə nəfərin onu sinfə qədər müşayiət etməsidir. Buna ehtiyac yoxdur. Bir nəfər məktəbə qədər gətirsə, məncə, kifayət edər".

Ekspert qeyd edib ki, ilk dərs günü böyük gül dəstələrinin alınması da valideynlərin yol verdiyi digər yanlış addımlardandır:
"İkinci, böyük gül dəstələridir ki, valideynlər niyə bu qədər israfçılıq edirlər? Sonra baxın, məktəbin ətrafındakı zibil yeşiklərini güllərlə, çiçəklərlə doldurublar. Amma o, zəruri bir şey deyil. Yaxşı olar ki, ona da müəyyən sərhədlər qoyulsun".
Məzahir Məmmədli bildirib ki, valideynlərin məktəb ətrafında avtomobillərlə sıxlıq yaratması da hər il təkrarlanan problemlərdəndir:
"Ümumiyyətlə, valideynlərimiz hər il çağırışlara baxmayaraq, hər il tədris öncəsi müəyyən çağırışlar olur icra orqanları tərəfindən. Məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən iki dəfə xüsusi xəbərdarlıq edilib: çalışın, yaxınlıqdakı məktəblərə avtomobillə gəlməyin, məktəb ətrafında sıxlıqlar yaratmayın. Amma bunların hamısı elə bir çağırış kimi qalır. Valideynlər yenə də, təəssüflər olsun ki, həmin səhvləri etməkdə davam edir".
Ekspert vurğulayıb ki, xüsusilə birinci və buraxılış sinifləri üçün valideynlərin həddindən artıq səfərbər olmasına ehtiyac yoxdur:
"Xüsusilə bu məktəblərdə həm buraxılış sinifləri, həm birinci siniflər üçün valideynlərin tam səfərbər olmasına, məncə, ehtiyac yoxdur. İşlərindən olurlar, babalar, nənələr xüsusi canfəşanlıq göstərirlər. Məncə, bunlar bir qədər rəngarəngləşdirilməlidir. Biz artıq bilməliyik ki, bu, adi günlərdən biridir. Tədris yeni başlayır, gərginlik, sıxlıq yaratmağa da dəyməz".
Fəridə Əsədzadə











































