Koronavirusun (COVİD-19) pandemiyasının insanlar arasında sürətlə yayılmasından sonra virusun ev heyvanları arasında da yayılması şübhələri var. Araşdırmalardan sonra dünyanın bir çox ölkələrində ev heyvanları arasında koronavirusa yoluxma halları qeydə alınıb.
Bəs, Azərbaycanda bununla bağlı vəziyyət necədir? Ölkəmizdə də ev heyvanları arasında bu virusa yoluxma halları ola bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, ev heyvanları arasında yoluxmayla bağlı rəsmi məlumatlar yoxdur:
"Koronavirusa heyvanlar arasında yoluxma hallarının müşahidə olunması ilə bağlı rəsmi qurumlar tərəfindən məlumat yoxdur. Amma onu demək olar ki, bu virusun 40-dan çox növü var. Bunlardan 7-si insanlar arasında müşahidə olunur. 3-ü isə daha ağır xəstəliyə səbəb olur. Ancaq həmin 40 növün içərisində heyvanlarda da xəstəlik törədən növləri var. Donuzlarda, quşlarda, itlərdə, yarasalarda və s. heyvanlarda bu özünü göstərə bilər”.
Həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla da məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib. Onun sözlərinə görə, bununla bağlı hər hansı faktlar varsa, bunlar ictimailəşdirilməlidir:
"Ümumiyyətlə, bununla bağlı bizdə epidemioloji vəziyyət bilinmir. İlk növbədə nəzərə almaq lazımdır ki, insanlar arasında hazırki vəziyyət necədir, bununla bağlı sərt tədbirlər görülməli və vaksinasiya prosesi intensiv aparılmalıdır. Heyvanlar arasında hansısa faktlar varsa bunlar da ictimailəşdirilsə, daha yaxşı olar”.
Xatırladaq ki, koronavirusun ev heyvanları arasında yayılmasının araşdırılması istiqamətində AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu) tərəfindən elmi-tədqiqat işləri aparılır.