Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri – Kimlər hansı vəzifələrə keçib?

Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri – Kimlər hansı vəzifələrə keçib?
SOSİAL
14:10 19.08.2026
380

Xəbər verdiyimiz kimi, Mustafa Abbasbəyli mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifəyə qədər nazirlikdə aparat rəhbəri vəzifəsini icra edirdi.

Ümumilikdə, Mədəniyyət Nazirliyi ölkənin ən böyük struktura malik dövlət qurumlarından biridir. Nazirliyin tabeliyində kitabxanalar, teatrlar, mədəniyyət evləri, muzeylər və digər çoxsaylı müəssisə və obyektlər fəaliyyət göstərir.

Bu baxımdan nazirlikdə baş verənlər, yeni təyinatlar və qəbul edilən qərarlar ictimaiyyət üçün xüsusi maraq doğurur.

AZXEBER.COM bu marağı nəzərə alaraq Mədəniyyət naziri Adil Kərimlinin müşavirləri ilə bağlı araşdırma aparıb.

Ümumilikdə Azərbaycanda nazirliklərdə və bir sıra dövlət qurumlarında müşavirlik institutu mövcud olaraq qalır. Bununla belə, Prezident Administrasiyasında 2017-ci ildən müşavirlik institutu ləğv edilib.

Mədəniyyət Nazirliyində isə son dövrlərdə müşavir vəzifəsinə təyinatlar tez-tez diqqət çəkir.

Mədəniyyət Nazirliyində ümumilikdə neçə müşavirin fəaliyyət göstərdiyi barədə rəsmi internet səhifəsində məlumat əldə etmək mümkün deyil.

İnformasiya resurslarında yayılan məlumatların araşdırılması göstərir ki, nazir müşavirlərinin vəzifələrində tez-tez dəyişikliklər edilir, bəzi müşavirlər isə sonradan müxtəlif vəzifələrə təyin olunurlar.

Məsələn, Əməkdar artist Oleq Əmirbəyov bir müddət Adil Kərimlinin müşaviri vəzifəsində çalışıb. Onun əsasən yaradıcı sahəyə cavabdeh olduğu bildirilirdi. Müşavir vəzifəsindən azad edildikdən sonra isə 14 fevral 2026-cı il tarixində imzalanan əmrlə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına direktor təyin edilib.


Mədəniyyət nazirinin müşavirləri arasında bir müddət Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən, uzun illər müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərmiş Orxan Fikrətoğlunun (Orxan Sadıqov) da adı hallanıb.


Məlumatlara görə, o, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə mühüm sahənin koordinasiyasını həyata keçirir.

Adil Kərimlinin digər müşavirlərindən biri ictimaiyyətin yaxından tanıdığı Cəsarət Valehovdur. Cəsarət Valehov bu vəzifəyə qədər Təhsil Nazirliyində uzun illər İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.


C. Valehov, həmçinin İctimai Televiziyanın efirində yayımlanan bir sıra layihələrin aparıcısı olub.

Mədəniyyət nazirinin müşavirlərindən biri də Cahangir Səlimxanovdur. O, Milli Konservatoriyanın Beynəlxalq əlaqələr departamentinin keçmiş rəhbəri vəzifəsindən müşavir vəzifəsinə təyin edilib.


Əməkdar incəsənət xadimi C. Səlimxanov ixtisasca musiqişünasdır. Bu baxımdan onun nazirliyin tabeliyində olan musiqi sahəsi üzrə istiqamətlərə nəzarət etdiyi bildirilir.

 

OXŞAR XƏBƏRLƏR