Qadınlar bəzən özlərinə qarşı maraq göstərib-göstərmədiyini dəqiq bilinməyən kişiləri, hisslərini açıq ifadə edən kişilərdən daha cəlbedici qiymətləndirirlər.
AZXEBER.COM xəbər verir ki, tədqiqatlara görə, bunun əsas səbəbi qeyri-müəyyənlikdir.
İnsan beyni cavabsız qalan suallara daha çox diqqət ayırdığı üçün qeyri-müəyyən şəxslər haqqında daha çox düşünür. Bu isə onlara qarşı maraq və cazibə hissini gücləndirə bilər.
Mütəxəssislər bildirirlər ki, burada söhbət laqeydlikdən deyil, hisslərin aydın olmamasından gedir. Araşdırma həmçinin vurğulayır ki, uzunmüddətli və sağlam münasibətlər üçün etibar, sabitlik və açıq ünsiyyət daha vacib amillərdir.
Psixoloqlar qeyd edirlər ki, tamamlanmamış və ya qeyri-müəyyən vəziyyətlər insan yaddaşında daha çox yer tutur. Bu ədəbiyyatda "Zeigarnik effekti" kimi tanınır.
Məsələn, sizə qarşı hisslərini açıq şəkildə ifadə edən biri ilə bağlı maraq zamanla azala bilər. Lakin niyyəti tam aydın olmayan bir şəxs insanın beynində sual işarəsi olaraq qalır və daha çox düşünülür.
Araşdırmanın əsas nəticəsinə görə, bir insanın hisslərinin qeyri-müəyyən olması həmin şəxs haqqında daha çox düşünməyə və nəticədə onu daha cəlbedici qəbul etməyə səbəb ola bilər. Bununla belə, yüksək cazibə hissi həmişə sağlam və uğurlu münasibət demək deyil. Mütəxəssislər bildirirlər ki, uzunmüddətli münasibətlərin təməlində qeyri-müəyyənlikdən çox qarşılıqlı etimad və aydın ünsiyyət dayanır.
Aysel











































