Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”

Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
SOSİAL
16:30 05.06.2026
348
Son günlər sosial şəbəkələrdə özəl bağçalarda fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarının bu ildən ləğv ediləcəyi ilə bağlı müxtəlif iddialar yayılıb. Məsələ valideynlər arasında narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, özəl məktəbəqədər təhsil müəssisələri yalnız lisenziya əsasında fəaliyyət göstərir.

Onun sözlərinə görə, son illərdə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:


"Əvvəllər bu sahədə tədris proqramları Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənsə də, idarəetmə, qida təminatı və kadr məsələləri əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətində idi. Hazırda isə həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələri, yəni bağçalar, tam şəkildə Elm və Təhsil Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir. Nazirlik qida təminatı, tədris planlaması və ümumi idarəetmə proseslərinə nəzarət edir.

Özəl məktəbəqədər təhsil müəssisələri yalnız lisenziya əsasında fəaliyyət göstərə bilər. Bu müəssisələr kadr məsələlərini müstəqil həll etsələr də, lisenziya şərtlərinə uyğun olaraq yerləşmə, ərazi və qida təminatı ilə bağlı müəyyən tələblərə əməl etməlidirlər”.

Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində məktəbə hazırlıq qrupları hazırda qüvvədə qalır və onların ləğvi ilə bağlı hər hansı qərar yoxdur:

"Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən məktəbə hazırlıq qrupları hələ də mövcuddur. Xüsusilə bağçaların olmadığı ucqar kənd və rayonlarda bu funksiyanı əvəz edən alternativ modellər tətbiq edilir. Belə ki, bəzi hallarda məktəblərin nəzdində məktəbə hazırlıq qrupları və ya icma əsaslı kiçik qruplar yaradılır.

Digər tərəfdən, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində sağlamlıq risklərinin azaldılması, növbələrin qısaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni təkliflər paketi üzərində işləyir. Bu çərçivədə özəl müəssisələrə müraciət edən valideynlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması kimi layihələr də müzakirə olunur.

Ümumilikdə, bağça sistemində islahatların davam etdirilməsi ilə bağlı yeni təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilir. Növbəti illərdə isə məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur”.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR