“1 aya 10 kiloqram arıqlayın” vədləri nə qədər realdır? – Dietoloqdan xəbərdarlıq

“1 aya 10 kiloqram arıqlayın” vədləri nə qədər realdır? – Dietoloqdan xəbərdarlıq
SAĞLAMLIQ
17:59 27.07.2026
5
Son vaxtlar sosial şəbəkələrdə "1 aya 6 kiloqram arıqlayın”, "6 aya 20 kiloqram çəki atın”, "heç ac qalmadan ideal bədənə sahib olun” kimi iddialarla edilən paylaşımlar və reklamlar sürətlə yayılır. Bu cür vədlər xüsusilə artıq çəkidən xilas olmaq istəyən insanların diqqətini cəlb etsə də, onların nə dərəcədə real və sağlam olduğu suallar doğurur.

Bəs təbii yollarla bu qədər qısa müddətdə belə ciddi çəki itkisi əldə etmək həqiqətən mümkündürmü?

Dietoloq Ləman Süleymanova AZXEBER.COM-a açıqlamasında deyib ki, piylənmə müasir cəmiyyətimizin ən qlobal problemlərindən biridir:

"Piylənmə müasir cəmiyyətimizin ən qlobal problemlərindən biridir. Piylənmənin səbəbləri mütəxəssis tərəfindən mütləq araşdırılmalı və həkim tərəfindən müəyyən edilməlidir. Piylənməyə səbəb düzgün qidalanmamaq, yuxu rejiminin pozulması, hormonal problemlər, qalxanabənzər vəz xəstəlikləri və digər sağlamlıq problemləridir. Bundan əlavə, hərəkətsiz həyat tərzi, fiziki aktivliyin az olması, qəbul edilən enerjinin sərf olunmaması da piylənməyə səbəb olur. Arıqlama mövzusu artıq o qədər aktuallaşıb ki, bundan sui-istifadə edən insanlar da kifayət qədər çoxalıb. Təəssüf ki, sosial şəbəkələrdə özünü həkim və ya dietoloq kimi təqdim edən şəxslər fəaliyyət göstərirlər. Onlar "20-30 kilo arıqlayın”, "qısa müddətdə ideal çəkiyə çatın” kimi yalan vədlərlə insanları müxtəlif marafonlara cəlb edirlər. Ucuz qiymətə təqdim olunan bu marafonlara insanlar da asanlıqla aldanırlar”.

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq reklamına icazə verilməyən bəzi dərman preparatları belə sosial media vasitəsilə satışa çıxarılır:

"Bundan başqa, bəzi dərman şirkətləri də tanınmayan şəxslərdən istifadə edərək sosial şəbəkələrdə reklam aparırlar. Hətta qanunvericiliyə uyğun olaraq reklamına icazə verilməyən bəzi dərman preparatları belə sosial media vasitəsilə satışa çıxarılır. Özlərini dietoloq kimi təqdim edən şəxslər müxtəlif kokteyllər, arıqlama preparatları və digər vasitələri insanlara satırlar.
Son dövrlərdə arıqlama iynələrinin istifadəsi də geniş yayılıb. Halbuki bu preparatların həkim nəzarəti olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bu, orqanizmin bütün sistemlərinə mənfi təsir göstərir. Bəzi şəxslər sosial şəbəkələrdə saxta "əvvəl-sonra” şəkilləri paylaşaraq 10-20 kiloqram arıqladıqlarını iddia edir və bununla insanlarda maraq yaradırlar”.

Dietoloq bildirib ki, sağlam arıqlama yalnız tibbi nəzarət altında aparılmalıdır:

"Əslində isə sağlam arıqlama yalnız tibbi nəzarət altında aparılmalıdır. Pasiyent ilk növbədə müayinə olunmalı, hormon analizləri yoxlanılmalı, piylənmənin əsas səbəbi araşdırılmalı, psixoloji vəziyyəti qiymətləndirilməlidir. Daha sonra hər bir pasiyent üçün fərdi qidalanma proqramı hazırlanmalıdır. Məsələn, mədə və onikibarmaq bağırsaq xorası olan bir insana hər kəs üçün uyğun hesab edilən pəhrizi tətbiq etmək olmaz. Təəssüf ki, özünü dietoloq kimi təqdim edən bəzi şəxslər bu işi yalnız biznes məqsədilə görürlər və pasiyentin sağlamlıq vəziyyətini nəzərə almadan eyni pəhrizi hamıya təyin edirlər. Nəticədə həmin şəxslərdə qanaxma, xəstəliyin ağırlaşması və digər ciddi problemlər yarana bilər. Haşimoto xəstəliyi olan insanlara uyğun fərqli qidalanma planı tərtib edilir. Eləcə də qlütenə həssaslığı və ya digər qida dözümsüzlükləri olan şəxslər dərindən müayinə olunduqdan sonra onlara uyğun proqram hazırlanır”.

"Çəkisi 100 kiloqramdan artıq olan bəzi pasiyentlər üçün ay ərzində 10 kiloqram çəki itirmək mümkün və məqsədəuyğun ola bilər. Lakin bu, hər kəsə aid deyil. Sağlam arıqlamanın əsas məqsədi sadəcə çəkinin azalması deyil, piy toxumasının parçalanmasıdır. Arıqlama iynələri və ya yanlış pəhrizlər nəticəsində bəzən yalnız su və ya əzələ kütləsi itirilir, sonradan isə çəki ikiqat geri qayıdır. Əsl sağlam arıqlama isə piy toxumasının azalması və maddələr mübadiləsinin düzgün işləməsi hesabına baş verir.
Pasiyent ac qalmamalıdır. Qidalanma menyusu balanslı və orqanizmin ehtiyaclarına uyğun tərtib edilməlidir. Məsələn, çəkisi 90 kiloqramdan yuxarı olan bəzi pasiyentlər ay ərzində 10 kiloqram arıqlaya bilirlər. Amma başqa bir pasiyentin çəkisi 70 kiloqramdırsa, onun üçün ayda 4-5 kiloqram arıqlamaq kifayət edir. Bəzi hallarda isə sağlam şəkildə ayda 2-3 kiloqram arıqlamaq daha məqsədəuyğundur. Yəni arıqlama prosesində əsas prinsip hər bir pasiyentə fərdi yanaşmaq, tibbi müayinə əsasında düzgün diaqnoz qoymaq və peşəkar nəzarət altında sağlam qidalanma proqramı tətbiq etməkdir”,- deyə dietoloq vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR