“Dakar” meydanında illərdir bitməyən tıxac: BNA sözcüsü sürücüləri günahlandırdı

SOSİAL
11:44 12.08.2020
647
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə birmənalı qarşılanmayan status yazıb.

AZXEBER.COM xəbər verir ki, qurumun sözcüsü Dakar meydanında yaranan tıxaca görə sürücüləri günahlandırıb.

Mais Ağayev yazıb: "Hazırda "Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb. Səbəb: nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir. 

Bu səbəbdən hazırda Dakar dairəsinə bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir”.

Qurum sözcüsünün bu sözlərinə reaksiya verən sosial şəbəkə istifadəçiləri bu məsələdə əsas günahın sürücülərdə olmadığını yazıblar. Onlar bildirib ki, həmin ərazidə işıqfor olmadığına görə tıxac yaranır.

Başqa bir sual isə cavabsız qalıb: Bəs Dakar dairəsində hərəkətin nizamlanması üçün BNA hansı işləri görüb və ya planlaşdırır?

Başqa bir istifadəçi isə Dakar meydanındakı tıxaca görə avtobus sürücülərini günahkar görüb: "2 səbəbə tıxac yaranır. Ya Bakıxanova gedən yolda korpünün altında avtobuslar yolu bağlayırlar, yada 8 km bazara gedən yolda metronun çıxışında avtobuslar 3-4 sıra saxlayıb yolu bağlayırlar. Onlar yolu tutandan sonra ardı ilə gələnlər dairədə tıxac yaradır”.

Qeyd edək ki, Dakar Meydanında tıxac ilk dəfə deyil ki, yaşanır. Bakının bu ərazisində hər zaman sıxlıq yaşanır. Görünən odur ki, sürücüləri qınamaqla bu problem həll olunana oxşamır. Yaxşı olar ki, BNA və digər qurumlar problemin həlliylə bağlı konkret təkliflər irəli sürsün və həm sürücülərin, həm də sərnişinlərin canı bu problemdən qurtarsın.
 

 





OXŞAR XƏBƏRLƏR

X Mostbet