xari

Fevralda çörəyin qiyməti qaldırılacaq? – EKSPERT RƏYİ

İQTİSADİYYAT
13:43 06.01.2012
2437

“Fevral ayından etibarən yenidən qiymətlərdə artım gözlənilir”

Xəbər verdiyimiz kimi, 2012-ci ilin ilk günlərində çörəyin qiyməti 30 qəpikdən 25 qəpiyə endirilib. Çörəyin qiymətinin aşağı düşməsinə Bakıxanov Çörək Zavodunun Rəhbəri Rasim Nəbiyev belə münasibət bildirib: “Paytaxtın böyük hissəsini çörək və un məmulatları ilə təmin edən Bakıxanov Çörək Zavodu ilin əvvəlindən etibarən qiyməti aşağı salıb. Beləki, 720 qramlıq çörəyin qiyməti 35 qəpikdən, 30 qəpiyə endirilib. Bunun səbəbi isə unun topdan satış qiymətinin aşağı düşməsidir”

AZXEBER.COM məsələylə bağlı ekspert, iqtisadçı Samir Əliyevin fikirlərini öyrənib. Samir Əliyev qeyd edib ki, çörəyin qiymətinin aşağı düşməsi dünya bazarında buğdanının qiymətiylə bağlıdır: “Statistikaya baxanda görürük ki, 2011-ci ildə ölkəyə un idxalı 44 dəfə artıb. Yaranan un bolluğu nəticəsində 2011-ci ilin sonu-2012 ci ilin əvvəlində belə bir qərara gəlinib. Bu təkcə bizdə belə deyil. Dünya bazarlarında da buğdanın qiymətində ucuzlaşma baş verib .

Ancaq qeyd edim ki, bu epizodik ucuzlaşmadır. Çox güman ki, fevral ayından etibarən yenidən qiymətlərdə artım gözlənilir. Və bu qiymət artımı bir çox sahələrdə olduğu kimi zavod-sex məmulatlarında da özünü göstərəcək.

Samir Əliyev deyib ki, çörəyin qiyməti gələcəkdə də ucuzlaşa bilər: “Çörəyin qiymətinə Nazirlər Kabineti tərəfindən müdaxilə olunmur və tənzimlənmir. Odur ki, qiymətlərin endirilməsi və qaldırılması sahibkarların istəyi və mağazalara diktəsi ilə həyata keçirilir. Qiymətlərin gələcəkdə daha da endirilməsi məsələsinə gəldikdə isə dövlətin birbaşa deyil ,dolayı yolla bu sahəyə köməyi nəticəsində bu mümkün ola bilər. Belə ki, böyük çörək zavodlarının tikilməsi ilə kiçik sahibkar sexlərinin bağlanması nəticəsində daha çox qənaət olacaq və bəzən rastlaşdığımız süni qiymət artımları da aradan götürüləcək. Həmçinin, dövlətin vergi güzəştləri, gömrük rüsumundakı güzəştləri, kommunal sahədəki güzəştləri olarsa, zavodlarda çörəyi münasib qiymətlə mağazalara təqdim edərlər. Ancaq bir daha deyim ki, bu müdaxilə birbaşa yox, dolayı yolla olmalıdır .

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR