Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artması və kirayə xərclərinin yüksəlməsi vətəndaşları ev almağa daha çox maraq göstərməyə vadar edir.
Lakin bəzi şəxslər ucuz və cəlbedici görünən elanlara inanaraq dələduzların qurbanına çevrilirlər. Sosial şəbəkələrdə və elan saytlarında bazar qiymətindən xeyli aşağı təqdim olunan mənzillər alıcıların diqqətini çəksə də, sonradan həmin evlərin ya mövcud olmadığı, ya da sənədlərində ciddi problemlərin olduğu ortaya çıxır.
Əmlak eksperti Elnur Azadov AZXEBER.COM-a açıqlamasında deyib ki, ev alarkən ən vacib məqamlardan biri coğrafi seçimdir:
"Daşınmaz əmlak seçərkən insanlar ilk növbədə öz prioritetlərini müəyyənləşdirməlidirlər. Ən vacib məqamlardan biri coğrafi seçimdir. Ərazilərdəki qiymətlərlə tanış olmaq, təklifləri müqayisə etmək və daşınmaz əmlakın növünü müəyyənləşdirmək vacibdir. Köhnə yaşayış fonduna aid binaların öz xüsusiyyətləri var. Əgər bina 1970-ci ildən əvvəl tikilibsə, onun istismar müddətinin başa çatması və yaxın illərdə sökülmə ehtimalı daha yüksək ola bilər. Daha yeni tikilmiş binalarda isə bu risk nisbətən azdır”.
Ekspert bildirib ki, digər vacib məqam evin çıxarışının olmasıdır:
"Yeni tikililərdə mənzil alarkən çıxarışın olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Çıxarış varsa, əsas hüquqi problem yaranmır. Bununla yanaşı, idarəetmə məsələləri də önəmlidir. Binanın aylıq xidmət haqqı, sakinlərin yaşayış şəraitindən razılığı, idarəetmənin təşkili və müştərək cəmiyyətin yaradılıb-yaradılmaması araşdırılmalıdır”.
O deyib ki, ev alan zaman müqavilə notarial qaydada təsdiqlənməlidir:
"Əgər mənzil tikinti şirkəti tərəfindən ilkin satışa çıxarılırsa və ya bina hələ tikinti mərhələsindədirsə, burada müəyyən risklər mövcuddur. Müqavilə ilə satılan mənzillərdə belə ikili satış halları baş verə bilər. Buna görə də mənzili daha nüfuzlu və tanınmış tikinti şirkətlərindən almaq tövsiyə edilir. Ödənişlər mütləq nağdsız qaydada şirkətin bank hesabına köçürülməli, müqavilə isə notarial qaydada təsdiqlənməlidir. Hələ tam hazır olmayan, yalnız bünövrəsi qoyulmuş binalardan mənzil almaq daha risklidir. Belə hallarda tam ödəniş etmək məsləhət görülmür. Müqavilə imzalanmazdan əvvəl sənədlər mütləq vəkillə müzakirə olunmalıdır”.
E.Azadov vurğulayıb ki, ”makler evi” adlandırılan sənədsiz tikililərdən uzaq durmaq vacibdir:
"Fərdi evlərə gəldikdə isə, "makler evi” adlandırılan sənədsiz tikililərdən uzaq durmaq vacibdir. Çünki bu evlərin tikintisi və satışı qanunvericiliyə zidd hesab olunur. Belə tikililər bəzən keyfiyyətsiz materiallarla inşa edilir və zamanla çökmə təhlükəsi yaradır. Buna görə də vətəndaşlara yalnız çıxarışlı və hüquqi sənədləri tam qaydasında olan evləri almaq tövsiyə edilir”.
Şahanə Ziyad











































